Əylən, gedən yolçu, nəzir ver, əyil,
Bəlkə adam deyil, haqqın özüdür?
Bu qarı adi bir dilənçi deyil,
Bu əl ehtiyacın qara üzüdür.
Soyuqdan bükülüb yumağa dönüb,
Bu qara yumaqdan qara əl çıxıb.
Bu əlin bəxtəvər çağları sönüb,
Bu əldən o qədər inci, ləl çıxıb...
Dişi-dirnağıyla ömrünü söküb,
Çörəksiz qoymayıb gül balaları.
Canını xərcləyib saraylar tikib,
İndi səkilərdə yaşayır qarı.
Haqq hanı, adamın tutulur dili,
O qədər yetimə qanad gərib ki.
Hamıya bərəkət paylayan əli,
Dilənçi əlinə kim döndərib, kim?
Bəs hanı canından can alan kəslər,
Özgəyə, yadlara açıb ovcunu.
Yurdundan didərgin salan nakəslər,
Kimə qaytaracaq ana borcunu?
Nə deyim, a millət, bizə də əhsən
Dilənir, alçalır öpulməli əl.
Ölümə açılan əldi deyəsən,
Gəl öldür, xəcalət öldürməmiş gəl.
Bu sənin anandı, yerə gir, utan,
Anadan dilənçi düzəldən elim.
Əl tutan nə çoxdu, yox əldən tutan,
Əlindən tutmuşam, xoşbəxtdir əlim...
Əylən, gedən yolçu, nəzir ver, əyil,
Bəlkə adam deyil, haqqın özüdür?
Bu qarı adi bir dilənçi deyil,
Bu əl ehtiyacın qara üzüdür...
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 6
Dilənçi əlinə kim döndərib, kim? - Zəmanə... Var olun şair, Allah rəhm eləsin yaratdığı bəndələrinə(((