Bivəfa, etməklə qəlbimdə səni sultan özüm,
Öz əlimlə eylədim könlüm evin viran özüm.
Aldanıb sən tək qədir bilməz, mehrsiz dilbərə,
Tutdum öz qəlbi-həzinimə əcəb divan özüm.
Əqlimi qəlbimdən əvvəl aldı süzgün gözlərin,
Olmadım öz ixtiyarımla sənə heyran özüm.
Kəbeyi-eşqim bilib, sandım xəlili-Həqqsən,
Mən minayi-kuyinə gəldim olam qurban özüm.
Öylə bir dərdə griftar olmuşam mən binəva,
İndi də öz dərdimə heç tapmıram dərman özüm.
Dərdimə həmdərd yox, həsrət dolub hicranıma,
Dərd özüm, həmdərd özüm, həsrət özüm, hicran özüm.
Asitanında o mahın bir məqamə yetmərəm,
Verməsəm, Qail, əgər eşqində yarın can özüm.
A.Qail