Deyirsən ki, həyatından danıs, de,
Başdan başa xəcalətdi, nə deyim?
Balıqsan da, ət tapmırsan qamış ye,
Qarın da ilk əsarətdi, nə deyim.
Onsuz keçir qaranlıqdan hər bəyaz,
Qəbir səni götürmürsə qəbir qaz,
Oruc tuta bilmirsənsə, şeir yaz,
İlahiyə ibadətdi, nə deyim.
Bülbül ruhdan yadigardır gül eşqim,
Od bəsləyir məzarında kül eşqim,
Çoxu sanır dəlilikdi çöl eşqim,
Bilən yoxdu, məhəbbətdi, nə deyim?
Məndə gəlib hüzr tapıb gör bəla,
Köz bağlamır içimdəki Kərbəla,
Bilən bilir, yardan gələn hər bəla,
Başdan başa səadətdir, nə deyim?
Hər çiyinə inanma ki, dərd qona,
Kim qismətə üsyan edə, kim qana,
Aqillərin möhtaclığı nadana,
Bədbəxtlikdi, rəzalətdi, nə deyim?
Dil acizdi, gözəl bilir bilənlər,
Mən ağlaram, göz yaşıma gülənlər,
Qədər haqdı, vay başıma gələnlər,
Qiyamətdən əlamətdir, nə deyim?
Məmməd, ömür dəyirmanda donluqdu,
Hər başlanğıc başladısa sonluqdu,
Yaşatmaq da, öldürmək də onluqdu,
Allah bilən məsləhətdir, nə deyim...
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 3